APC — Azərbaycan Pulmonologiya Cəmiyyəti Üzv ol

Nizamnamə

I.Ümumi Müddəalar

1.1. “Azərbaycan Pulmonoloqlar Cəmiyyəti” ictimai birliyi (bundan sonra - Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu əldə edir. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

 

II. Birliyin Məqsəd və Vəzifələri

2.1. Birliyin əsas məqsədi pulmonologiya sahəsinin inkişafına kömək etməkdən ibarətdir.

2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

* səhiyyənin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
* pulmonologiya sahəsində elmi araşdırmaların aparılmasına, mütəxəssislərin biliklərinin inkişaf etdirilməsinə, müasir üsullar və yeniliklərlə bağlı maarifləndirmə işinin təşkilinə yardım etmək;
* müvafiq sahədə məlumat və təcrübə mübadiləsinin, habelə beynəlxalq və xarici dövlətlərin tibbi və elmi təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsinə dəstək vermək.

2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:

* elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir;
* ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
* məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada çap mediası təsis edir;
* Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

2.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir.

2.5. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.

 

III. Birliyin Hüquqları

3.1. Birlik aşağıdakı hüquqlara malikdir:

* öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
* fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
* Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;

* banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
* müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
* Birliyin yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirmək;
* Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.